Siyasi partiyalar haqqında məsələlər Azərbaycan
Respublikasının Qanununa nəzərən tənzimlənir. Qanunda siyasi partiya dedikdə ümumi siyasi
ideyaları və məqsədləri olan, ölkənin siyasi həyatında iştirak edən Azərbaycan
Respublikası vətəndaşlarının birlikləri nəzərdə tutulur. Siyasi partiyalar Azərbaycan
Respublikası Konstitusiyasına və qanunlarına uyğun olan vəzifələrini və məqsədlərini
əsas götürərək Azərbaycan Respublikası vətəndaşlarının siyasi iradəsinin
formalaşdırılmasında fəal iştirak edirlər. Siyasi partiyalar assosiasiyalar
azadlığı, könüllülük, üzvlərinin hüquq bərabərliyi, özünüidarə, qanunçuluq və
aşkarlıq prinsipləri əsasında yaradılır və fəaliyyət göstərirlər.Hər bir siyasi
partiya özü müstəqil şəkildə öz təbliğini
aparır. Partiyalar aşağıdakı yolla siyasi fəaliyyət göstərirlər: - nizamnamələrinə uyğun
olaraq ictimai rəyin formalaşmasına təsir göstərmək;
- öz üzvlərinin siyasi
fəallığına rəvac vermək,vətəndaşları öz sıralarından seçkili dövlət orqanlarına
irəli sürmək , nizamnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının
qanunvericilik və icra hakimiyyəti orqanlarının fəaliyyətinə təsir göstərmək, siyasi
və sosial proqramlar hazırlamaq yolu ilə Azərbaycan Respublikasının daxili və
xarici siyasətinin formalaşmasına təsir göstərməklə.
“Siyasi partiyalar
haqqında” yeni Qanunun qəbul edilməsinə ölkədə həyata keçirilən islahatların
növbəti təzahürüdür. İslahatlar ölkəmizi yeni inkişaf mərhələsinə çıxarıb, Azərbaycanın
dünya birliyindəki mövqeyini daha da möhkəmləndirib. İndiyədək həyata keçirilən
islahatlar nəticəsində bütün sahələrdə qazanılan uğurlar özünü açıq şəkildə
büruzə verir. Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Belə bir
vaxtda “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsini alqışlayıram.
Artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının
Qanunu 30 il bundan əvvəl - 1992-ci il iyunun 3- də qəbul edilmişdi. Ölkədə
formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi
sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların
atılmasını zəruri etmişdir. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün
siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin
hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etməsi zərurəti yarandı.
“Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət”,
Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə
Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında
Qanununun layihəsinə dair birgə rəy”, inkişaf etmiş 24 ölkənin təcrübəsi, ölkədə
fəaliyyət göstərən siyasi partiyalardan 47-sinin Milli Məclisə yazılı formada təqdim
edilmiş 250-dən çox təklif, o cümlədən parlamentdə komitə və plenar iclaslarda
deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərə alınıb. Yeni qanunun qəbulundan
sonra hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi
partiyaya daxil olmaq hüququna malikdir.
Dövlət qeydiyyatdan keçmiş bütün siyasi
partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Həmçinin dövlət siyasi
partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün,
hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait
yaradılmasına təminat verir. Əsas məqamlardan biri dövlət büdcəsinin vəsaiti
hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Qanunla nəzərdə
tutulmuş hallar istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli
şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir.
Əvvəlki qanundan fərqli olaraq, yeni qanun
siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat
materialların hazırlanması və satışı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul
olmağa icazə verir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul
olmaq, həmçinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq çap mediasını təsis etmək üçün siyasi partiya təsərrüfat cəmiyyətləri
yarada bilər və ya onlarda iştirak edə bilər.
Vüqar
İsmayılov,
YAP Xocalı
rayon təşkilatının əməkdaşı